Uşaqlar üçün xüsusi zona hazırlanıb - Formula 1

ESTAFET/ Formula 1 fanatları nəhayət ki, tribunalara qayıdır. Məlum olduğu kimi, məşhur avtoidman yarışı pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, ötən il isə azarkeşlərin canlı iştirakı olmadan baş tutmuşdu. Sürət azarkeşlərinin səbirsizliklə gözlədiyi Formula 1 Azərbaycan Qran Prisinin həyəcanını birbaşa tribunadan yaşamaq mümkün olacaq.

Hər il olduğu kimi, bu il də bilet sahibləri Dənizkənarı Milli Park ərazisində əyləncə proqramlarına qatıla biləcəklər. Balaca azarkeşlər də darıxmayacaq. Uşaqlar və yeniyetmələr üçün xüsusi ayrılmış ekstremal əyləncəli “Game Park” zonası onların ürəyincə olacaq. 

“Kids Zone” adlanan ərazidə “Upside Down” illuziya otağı, “Climbing Wall” dırnmanma divarı, “Helmet Bouncy Castle” ərazisi, “Trampoline” sahəsi və bu kimi digər məkanlar balaca azarkeşlərin xoş istirahəti üçün nəzərdə tutulub.   

Övladları ilə bir yerdə yaddaqalan vaxt keçirmək istəyən valideynlər bulvar ərazisində,  “Have a ride” - Formula 1 yarış halqasının kiçik ölçüdə quraşdırılmış hissəsində nə qədər sürət həvəskarı olduqlarını sınamaqla yanaşı, həm də bunu hiss edə biləcək.

İnstallasiya edilmiş interaktiv konstruksiyanı düzgün formada yığa bilən həvəskarları da unudulmayıb. Onlar üçün xüsusi “Roll it” adlanan guşə yaradılıb.

Qeyd edək ki, 10-12 iyun tarixlərində davam edəcək Formula 1 Azərbaycan Qran Prisi üçün hazırlıqlar bütün sürətilə davam edir. Bu ecazkar yarışı izləməyə sayılı günlər qalıb, bilet almağa tələsin! Daha ətraflı məlumatı https://www.bakucitycircuit.com/ rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.

Müəllif: Natiq NƏSİROV