ŞƏHRİYARDAN NÖVBƏTİ UĞUR

ESTAFET/ Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyun ayı üçün nəzərdə tutulan yeni reytinq siyasını açıqlayıb. Kişilərin siyahısında ilk 100-lükdə 5 Azərbaycan şahmatçısı yer alıb - Şəhriyar Məmmədyarov (2800 xal, 5-ci), Teymur Rəcəbov (2724 xal, 28-ci), Rauf Məmmədov (2689 xal, 58-ci), Eltac Səfərli (2656 xal, 97-ci), Arkadiy Naydiç (2710 xal, 37-ci).


Təbii ki, burada ilk növbədə Şəhriyarın böyük uğurunu vurğulamaq lazımdır. Son dövrlər iştirak etdiyi bütün turnirlərdə stabil və uğurlu çıxış edən qrossmeysterimiz Azərbaycan şahmat tarixində ilk dəfə 2800 xal həddini keçib. Bununla da, Şəhriyar dünyada bu həddi keçən 13-cü şahmatçı olub. Xatırladaq ki, 2012-ci ilin sentyabr reytinqində Teymur Rəcəbovun bu siyahıya daxil olması üçün 0,4 xal çatmamışdı. O siyahıda Teymur 2799,6 xalla dünya reytinqində 4-cü sırada qərarlaşmışdı.

 
Şəhriyarı hazırda yalnız Maqnus Karlsen (Norveç, 2832), Uesli So (ABŞ, 2812), Vladimir Kramnik (Rusiya, 2808) və Fabiano Karuana (ABŞ, 2805) qabaqlayır.

Qadınların cədvəlinə isə həmişəki kimi Hou Yifan (2666) başçılıq edir. Üçlüyü digər çinli Venjun Ju (2583) və ukraynalı Anna Muzıçuk (2573) qapayır. Azərbaycan təmsilçilərindən ilk 100-lükdə yalnız Gülnar Məmmədova yer alıb. O 2368 xalla 94-cü sırada qərarlaşıb.