Tələbələr Böyük Britaniyada 2 həftəlik təcrübə proqramına başlayıblar

ESTAFET/ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) həkimlər üçün “İdman tibbi və reabilitasiya” magistr proqramının tələbələri Böyük Britaniyada 2 həftəlik təcrübə proqramına başlayıblar. Tədris prosesi Londonda yerləşən İdman Tibbi İnstitutunda (Institute of Sports, Exercise and Health) həyata keçirilir.

Bundan başqa, ASAPES-in rektoru Fuad Hacıyev, Tədris və Elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə, magistratura şöbəsinin müdiri Nərqiz Kosayeva və “İdman tibbi və reabilitasiya” proqramının koordinatoru Zərifə Kamilova ilə proqram direktoru, professor Maykl Pol Luzmor arasında görüş də təşkil edilib. Görüşdə həmçinin London Kollec Universitetinin tələbəsi, ASAPES və UCL arasında könüllü olaraq əlaqələndirici şəxs kimi çıxış edən Xədicə Quliyeva da iştirak edib. Qarşılıqlı müzakirələr zamanı tərəflər təcrübə proqramının təşkili və gələcək planlar barədə danışıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV