Hakimlər üçün seminar keçirilir
ESTAFET/ Azərbaycan Boks Federasiyası (ABF) ölkədə bu idman növünün inkişafı və kütləviləşməsi ilə yanaşı, hakim və məşqçilərin səviyyələrinin artırılması, bu sahədə yeni nəslin yetişməsi istiqamətində işləri davam etdirir.
Bu məqsədlə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinin gedişində referilər üçün seminar keçirilir. Yarışda döyüşləri idarə edən ədalət təmsilçilərindən 15-i rinqə yeni ampluada – hakim kimi çıxıblar. Hakimliyə başlayan sabiq boksçular sırasında gənclər arasında Avropa çempionu Nəsrəddin Məmmədov, yeniyetmələr arasında qitə birinciliyinin ikincisi Kamran Məlikov da yer alıb.
Təlimlər Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev tərəfindən aparılır. O, ədalət təmsilçilərinə döyüşlərin dəqiq idarə edilməsi üçün müxtəlif nəzəri və praktiki məsələlər barədə lazımı məlumatları verir, son yenilikləri izah edir. Həmçinin onları maraqlandıran sualları cavablandırır. Seminara sabah yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün mütəmadi seminarlar təşkil edəcək.