Velosipedçilərimiz Avropa çempionatında mübarizə aparacaqlar

ESTAFET/ İyulun 7-10-da Portuqaliyanın Anadia şəhərində şose velosipedi üzrə Avropa çempionatı keçiriləcək. Gənclər və U-23 yaş kateqoriyasında mübarizə aparan idmançılar arasında təşkil ediləcək yarışda Avropanın əksər ölkələrindən 200-dək velosipedçi iştirak edəcək.
Qitə çempionatında ölkəmizi gənclər yaş kateqoriyasında milli komandamızın üzvü Kamran Mirzəxanov təmsil edəcək.
İdmançılar iyulun 7-də keçiriləcək birinci mərhələdə fərdi ötüşmə növündə, iyulun 9-da baş tutacaq ikinci mərhələdə isə qrup ötüşməsi növündə mübarizə aparacaqlar.
Velosipedçilər fərdi ötüşmə növündə 22 km, qrup ötüşməsi növündə isə 125,9 km (6 dairə) məsafə qət edəcəklər.
Qeyd edək ki, iyulun 14-19-da isə həmin şəhərdə trek velosipedi üzrə Avropa çempionatı keçiriləcək. Bu növ üzrə yarışlarda gənc oğlanlardan ibarət milli komandamızın üzvü Kamran Mirzəxanov və U-23 yaş kateqoriyasında qadınlardan ibarət milli komandamızın üzvü Ayan Xankişiyeva iştirak edəcəklər.
