BOKS YARIŞLARININ PROQRAMINDA DƏYİŞİKLİK: TOKİO-2020

ESTAFET/ Tokio-2020 Yay Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik edilib. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyəsinə əsasən Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) Yaponiya paytaxtında mübarizə aparacaq çəki dərəcələri ilə bağlı qərar verib.

 

Yeni proqrama əsasən bu növ üzrə mübarizədə 13 dəst medal oynanılacaq. Ancaq Olimpiadada kişi boksçular 10 deyil, 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. Əvəzində qadın boksçularda 2 çəki dərəcəsi artırılaraq, 5-ə çatdırılıb. BOK bu qərarı gender balansının qorunması ilə izah edib.

 

Bununla əlaqədar AIBA tərkibindəki müvafiq komissiyalara müzakirələr aparıb, optimal variantların tapılması tapşırılıb. Həmin komissiyaların işinin nəticəsi isə iyulun sonunda bir araya gələcək İcraiyyə Komitəsinin illik yığıncağında müzakirəyə çıxarılacaq. Toplantıda Tokio-2020-də boks yarışlarının hansı çəki dərəcələrində olacağı təsdiqlənəcək.