Kamran Mirzəxanov Fransada beynəlxalq yarışda mübarizə aparıb

ESTAFET/ Qarşıdan gələn dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Belçikanın “Cannibal Team” velosiped klubunun tərkibində 40 günlük təlim-məşq toplanışında olan gənc oğlanlardan ibarət Azərbaycan yığma komandasının üzvü Kamran Mirzəxanov hazırlıq prosesi çərçivəsində daha bir beynəlxalq yarışda iştirak edib. İdmançımız Fransada təşkil olunan şose velosipedi üzrə 3 mərhələdən ibarət “Boucles de l'Oise Juniors - Trophée Arnaud Coyot” yarışında mübarizə aparıb.

Avqustun 20-də start götürən yarış 2 gün davam edib. İlk gün idmançılar Le Plessis Belleville ərazisində qrup ötüşməsi növü üzrə 114,6 km məsafə qət ediblər. Avqustun 21-də isə yarışın daha 2 mərhələsi baş tutub. Günün birinci yarısı keçirilən 2-ci mərhələdə velosipedçilər Bresles ərazisində fərdi ötüşmə üzrə 15,7 km, günün ikinci yarısı təşkil olunan 3-cü mərhələdə isə qrup ötüşməsi üzrə Verneuil en Halattedən Nogent-sur-Oiseyə qədər 89,8 km məsafədə mübarizə aparıblar.

K.Mirzəxanov 106  velosipedçinin iştirak etdiyi 1-ci mərhələni (qrup ötüşməsi) 2 saat 45 dəqiqə 34 saniyə nəticə ilə 25-ci, 84 idmançının qatıldığı 2-ci mərhələni (fərdi ötüşmə) 21 dəqiqə 25 saniyə nəticə ilə 54-cü, 82 velosipedçinin mübarizə apardığı 3-cü mərhələni (qrup ötüşməsi) isə 2 saat 2 dəqiqə 46 saniyə nəticə ilə 32-ci yerdə başa vurub. O, yarışın hər 3 mərhələsinin ümumi nəticəsinə görə isə 40-cı sırada qərarlaşıb.

K.Mirzəxanov və komanda yoldaşları heyətin liderini birinci yerə çıxarmaq üçün çalışıb və uğurlu nəticəyə nail olublar. Belə ki, klubun üzvü Valery Shtin 3-cü mərhələnin qalibi olub.

Qeyd edək ki, velosipedçimizin tərkibində mübarizə apardığı “Cannibal Team” klubunun digər üzvlərindən R.Ermakov həm birinci mərhələdə, həm də ümumi təsnifatda ən yaxşı dağ velosipedçisi, Valery Shtin isə 3-cü mərhələdə ən yaxşı sprinter seçilib.

Komanda hesabında isə "Cannibal Team” klubu 1-ci mərhələdə 2-ci, 2-ci mərhələdə və ümumi təsnifatda isə 3-cü yerə layiq görülüb.

Müəllif: Orxan NOVRUZOV