Qırğız Respublikasının Azərbaycandakı səfiri və 75 yaşlı veloyürüşçü AVF-də olublar

Sentyabrın 13-də Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev və Türkiyədə keçiriləcək IV Dünya Köçəri Oyunlarında iştirak etmək üçün Qırğız Respublikasından velosipedlə səfərə çıxan 75 yaşlı Mamıt Taştanov Azərbaycan Velosiped Federasiyasında (AVF) olublar.

AVF-nin Baş katibi Elnarə Musayeva, Federasiyanın İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov və Respublika Velotrekinin direktoru Tamerlan Salahov qonaqları salamlayaraq, onları burada görməkdən məmnunluqlarını bildiriblər.

Səfir K.Osmonaliyev və M.Taştanov yarış treki, idmançılar üçün otel və velosiped muzeyinə baxıblar.

Daha sonra çay süfrəsi arxasında qonaqlara Azərbaycan Velosiped Federasiyasının fəaliyyəti, ölkəmizdə velosiped idman növünün inkişafı, bu istiqamətdə aparılan işlər haqqında ətraflı məlumatlar verilib.

Səfir Azərbaycan Velosiped Federasiyasının son illərdə əldə etdiyi uğurları və bu idman növünün ölkəmizdə kütləviləşməsi üçün aparılan işləri yüksək qiymətləndirib. O, AVF-yə və idmançılara böyük nailiyyətlər arzulayıb.

Qeyd olunub ki, Qırğız Respublikasının Oş şəhərinin sakini M.Taştanov Türkiyəyə getmək üçün velosipedlə indiyədək Özbəkistan, Qazaxıstan və Türkmənistandan keçib. O, quru sərhədi olmadığı üçün təyyarə vasitəsilə sentyabrın 12-i gecə saatlarında Azərbaycana gəlib. M.Taştanov buradan velosipedlə Gürcüstana keçərək Türkiyəyə daxil olmağı planlaşdırır.

AVF-nin mexanikləri M.Taştanovun velosipedinə texniki baxış keçirib və bütün çatışmazlıqları aradan qaldırıblar.

Qonaqlar səmimi qarşılanma, ətraflı məlumata və göstərilən texniki dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Müəllif: Natiq NƏSİROV