Qazilərin iştirakı ilə şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib
Sentyabrın 24-də Vətən müharibəsi qazilərinin iştirakı ilə şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib. Azərbaycan Velosiped Federasiyasının (AVF) Anım Günü (27 Sentyabr) ilə bağlı təşkil etdiyi veloyürüşə 30 nəfərdən çox qazi, AVF-nin nümayəndələri və milli komandanın üzvləri qatılıb.
Öncə yürüş iştirakçıları İkinci Fəxri xiyabanı ziyarət ediblər. 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Daha sonra veloyürüşə “Azneft” dairəsindən start verilib. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.
Qazilər Hərbi Qənimətlər Parkını gəzib, Vətən müharibəsi zamanı düşmənin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursata bir daha baxıb, 44 günlük Vətən müharibəsində Azərbaycan hərbçilərinin qəhrəmanlığından, keçdikləri döyüş yolundan danışıblar.
Sonda yürüş iştirakçıları “Zəfər” restoranında təşkil edilən çay süfrəsinə dəvət ediliblər.
Xatırladaq ki, qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz xidmətlər göstərmiş qazilərin və müharibə iştirakçılarının fiziki reabilitasiyası, idmanla məşğul olmaları, eləcə də bu fədakar və iradəli insanların təcəssümündə cəmiyyətdə sağlam həyat tərzinin təbliği məqsədilə Federasiya rəhbərliyinin qərarına əsasən AVF-də Qazilərlə iş bölməsi yaradılıb.