TAEKVONDOÇULAR DÜNYA ÇEMPİONATINA YOLA DÜŞDÜLƏR

ESTAFET/ Taekvondo üzrə milli komandamız dünya çempionatında iştirak etmək üçün Koreya respublikasına yola düşüb. 24-30 iyun tarixlərində Dünya Taekvondo Federasiyasının təşkilatçılığıyla Koreyanın Muju şəhərində  keçiriləcək böyüklər arasında dünya çempionatına milli komandamız 12 idmaçı ilə qatılacaq.

 

Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Rəşad Əhmədovun sərəncamında olan taekvondoçulardan kişilər arasında Qaşım Maqomedov (54 kq), Fizam Mehtiyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Sina Bahrami (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsaev (+87 kq) mübarizə aparacaq.

 

Qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Elnur Amanov isə Safiye Polat (46 kq), Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq) və Fəridə Əzizova (67 kq) ilə mükafatçılar sırasında yer almağa çalışacaq.

 

Xatırladaq ki, taekvondo idman növü üzrə dünya çempionatı iki ildən bir keçirilir. Ümumilikdə dünya çempionatları tarixində Azərbaycan taekvondoçularının aktivində iki qızıl medal var. Belə ki, 2001-ci ildə ölkəmizə ilk qızıl medalı Niyaməddin Paşayev qazandırıb. 2015-ci ildə son mundialda isə 14 il fasilədən sonra Radik İsaev çempion tituluna sahib olmuşdur. Artıq komandamız Koreyanın Muju şəhərindədir.

 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə yarışda təmsil olunan komandamız 2 iyulda vətənə dönəcək.