Cüdoçular DÇ-də ilk gün mükafatsız qaldılar

ESTAFET/ Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatına start verilib. İlk yarış günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.

Kişilərin yarışında 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetovla (Qazaxıstan) üz-üzə gəlib. Rəqibinə məğlub olan Kəramət mübarizəni startdaca dayandırıb.

Qadınlardan isə 48 kq-dakı Leyla Əliyeva eyni raundda Xuliya Figeroa (İspaniya) ilə görüşüb. O da ilk cəhdində məğlub olub və medalsız qalıb.

Beləcə, Azərbaycan cüdoçuları dünya çempionatında ilk günü medalsız başa vurublar. 

Xatırladaq ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

Müəllif: Natiq NƏSİROV