Avarçəkmə ikinci dəfə tarixi torpağımız Qarabağda - VİDEO
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ənənəvi “Mingəçevir Reqatası”nı yenidən bərpa edir. 21-23 oktyabr tarixlərində təşkil olunacaq reqatada 15-dək ölkə iştirak edəcək. Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları çempionluq uğrunda mübarizə aparacaq.
Reqatanın rəsmi açılış mərasimi və yarışların birinci günü müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğaldan azad etdiyi Suqovuşanda baş tutacaq. Komandalar oktyabrın 21-i Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyən edəcək. Qeyd edək ki, bu AKAF-ın işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil edib.
22-23 oktyabr tarixlərində isə “Mingəçevir Reqatası” “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar. Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaq.