"Mingəçevir Reqatası-2022"yə Suqovuşanda star verildi
ESTAFET/ Oktyabrın 21-də Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir Reqatası-2022”nin təntənəli açılış mərasimi olub. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca iştirakçı ölkələrin təqdimatı olub.
Tədbirdə çıxış edən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, AKAF artıq işğaldan azad edilmiş ərazilərdə ikinci beynəlxalq turnirini keçirir. İlk yarışa - “Prezident Kuboku-2022”yə mayda Suqovuşan ev sahibliyi edib.
İştirakçılara uğurlar arzulayan F.Əliyev qeyd edib ki, reqata 1970-ci ildə ümumittifaq statusu alıb. Yarış müstəqilliyin bərpa edildiyi illərdən sonra da təşkil olunub. Pandemiya səbəbindən bir müddət turnirin keçirilməsinə ara verilmişdi. Sevindirici haldır ki, bu yarış Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.
Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Duşan Kovaçeviç və Macarıstan Məşqçilər Komitəsinin sədri Zoltan Olferdi çıxış edərək ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, möhtəşəm təşkilatçılığa görə AKAF rəhbərliyinə minnətdarlığını bildiriblər.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov işğaldan azad olunmuş ərazilərdə ilk dəfə mayda məhz AKAF-ın təşkilatçılığı ilə birinci beynəlxalq turnirin keçirildiyini qeyd edib: “Ötən müddətdə artıq ikinci dəfə Suqovuşanda toplaşmışıq. Beynəlxalq turnirlərin təşkili Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həmin ərazilərdə aparılan quruculuq işlərinin nəticəsində mümkün olub. Digər federasiya nümayəndələrinin açılış mərasiminə qatılması və birlik nümayiş etdirməsi sevindirici haldır”.
F.Qayıbov reqatanı açıq elan etdikdən sonra mərasimdə iştirak edən Vətən müharibəsi iştirakçıları və qaziləri salamlanıb.
Rəsmi hissə başa çatdıqdan sonra iştirakçı ölkələrin nümunəvi çıxışları olub.
Həmçinin turnirin birinci günündə kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar Suqovuşanda keçirilib. Azərbaycan komandası 4 qızıl, 6 hümüş və 4 bürünc medal qazanıb.
Qeyd edək ki, bu, AKAF-ın işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil edib.
Oktyabrın 22-23-də “Mingəçevir Reqatası” “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar. Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.