"Onlar ölkəmizin əldə etdiyi uğura sevinirdilər": Əli Hüseynli
ESTAFET/ "Bu tədbir Azərbaycanın həm idman, həm də ictimai-siyasi həyatında mühüm və möhtəşəm hadisədir".
Bunu Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli "Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən "Mingəçevir Reqatası" barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) son dövlər fəaliyyətini çox yüksək səviyyədə qurub: "Bu ilin mayında ulu öndər Heydər Əliyevin il dönümünə həsr olunmuş yarış ilk dəfə işğaldan azad olunmuş Suqovuşanda keçirildi. Bu, həmin dövrdə sadəcə bir idman hadisəsi deyildi. Həm də tədbirə qatılmış ölkələr, dünya ictimaiyyəti üçün mesaj idi ki, Azərbaycan azad etdiyi torpaqlardan insanlar, sülh, yarışlar üçün necə istifadə edir".
Ə.Hüseynli "Prezident Kuboku" ilə müqayisədə "Mingəçevir Reqata"sında 10-dan çox ölkənin iştirak etdiyini xatırladıb: "Dünən bir neçə ölkənin federasiya nümayəndələri ilə görüşdük. Hamısı Azərbaycanı, onun rəhbəri, Ali Baş Komandanı təbrik edirdi. Onlar ölkəmizin əldə etdiyi uğura sevinirdilər. Bir daha həm Mingəçevir, həm də idman ictimaiyyətini təbrik edirəm. Federasiya qısa zamanda böyük uğurlara imza atıb. Əminik ki, bu uğurlar davam edəcək. Bilirsiniz ki, 2023-cü ildə Ulu Öndərin 100 illiyidir. İnanıram ki, bu yarışlar gələn il burada daha yüksək səviyyədə təşkil olunacaq".