AFFA baş məşqçi təyinatına tələsmir - Açıqlama

ESTAFET/ AFFA İcraiyyə Komitəsinin oktyabrın əvvəlində baş tutan iclasında 19 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilib. 

Sözügedən iclasın yekununda açıqlama verilmişdi ki, baş məşqçi vəzifəsinə təyinatla bağlı əlavə məlumat olacaq. Üç həftədən çox vaxt keçməsinə baxmayaraq, assosiasiya hələ də yeni çalışdırıcının kimliyini açıqlamayıb.

Bu barədə Fanat.Az-a açıqlama verən qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla AFFA-nın baş məşqçi təyinatına tələsmədiyini bildirib: "Hələ ki, təyinatla bağlı qərar verilməyib. Bu yöndə müzakirə davam edir. Əslində, tələsik qərar verməyə ehtiyac yoxdur. U-19-un yaxında oyunu yoxdur, seçmə görüşləri gələn il olacaq. Odur ki, vaxt var".

Qeyd edək ki, U-19 Miloş Velebitin rəhbərliyi altında son seçmə oyunlarda uğursuz çıxış edərək qrupdakı bütün görüşləri uduzub. Milli Bolqarıstanda keçirilən qitə çempionatında meydan sahiblərinə, həmçinin Lüksemburqa 0:1, Türkiyəyə isə 1:5 hesabı ilə məğlub olaraq qrupda sonuncu yeri tutub. Bundan sonra serbiyalı mütəxəssislə yollar ayrılıb.

Müəllif: Məsim MƏSİMZADƏ