Boksçularımız dünya çempionatında mübarizə aparacaq
Noyabrın 15-də İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı start götürəcək. 12 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Oğlanlardan ibarət millinin baş məşqçisi Elbrus Rzayev, məşqçilər Vüqar Məmmədovla Elvin Məmişzadə Alikantedə Tural Sarıyev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Mətin Məmmədov (57 kq), Tacı Tağızadə (60 kq), Sənan Hətəmov (67 kq), Daniel Xolostenko (71 kq), Rza Rzazadə (75 kq), Fətəli İsmayılov (80 kq), Rəşid Məmmədov (86 kq) və Səbuhi Əlizadəyə (+92 kq) şans verəcək.
Qızlardan ibarət yığmanın məşqçisi İlkin Ağayev isə mundialda Mehparə Məmmədova (48 kq) və Aysu Dərvişovanı (57 kq) sınayacaq.
Bu gün səfərə yollanan komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Boksçularımız noyabrın 28-də Vətənə dönəcək.
Dünya çempionatında İBA-nın dəvəti ilə azərbaycanlı hakim Anar Babanlı da ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, mundialda 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun iştirakı gözlənilir. Yarışın püşkü noyabrın 14-də atılacaq.