Dünya Çempionatı yenidən Belqrada verildi

ESTAFET/ Bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbədənkənar iclası keçirilib.

İclasda səsvermə yoluyla gələn il keçiriləcək Paris-2024-ə lisenziya xarakteri daşıyan dünya çempionatının məkanı müəyyənləşib.

Mundial bu dəfə də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Daha öncə ev sahibi kimi Rusiyanın Krasnoyarsk şəhəri təsdiq edilmişdi. Ancaq Beynəlxalq Olimpiya Komitəsinin Rusiyaya tətbiq etdiyi sanksiyalara uyğun olaraq, lisenziya xarakterli dünya çempionatının məkanı dəyişdirilib. Həmçinin, mundialın tarixində də dəyişiklik gözlənilir. Daha öncə DÇ-nin 16-24 sentyabrda keçirilməsi nəzərdə tutulmuşdu. Sentyabrın 23-də Asiya Oyunları start götürəcək. Bunu nəzərə alan UWW mundialın keçirilmə vaxtını dəyişdirməyi planlaşdırır.

Bu yarışda 90 güləşçi ölkəsinə lisenziya qazandıracaq.

Xatırladaq ki, yarışı təşkil etmək üçün Azərbaycan və Türkiyə də öz namizədliyini irəli sürmüşdü. Bu səbəbdən səsvermədə UWW-nin serb prezidenti Nenad Laloviç, Büro üzvləri Rodiça Yakşi (Türkiyə) və Namiq Əliyev (Azərbaycan) səsvermədə iştirak etməyiblər.

Müəllif: Natiq NƏSİROV