AZƏRBAYCAN QRAN PRİSİNDƏ SIRALAMA TURU - FORMULA 1

ESTAFET/ Mürəkkəb konfiqurasiya, sürüşkən asfalt və şəhər trası üçün sərt olan təkərlər həftəsonu ərzində sürücülərin işini çətinləşdirən amillər olub.


Dünən baş tutan sərbəst yürüşlərdə Maks Ferstappen üstün olmuşdusa da, bu gün keçirilən son məşqlərdə Mercedes AMG liderliyi yenidən ələ almışdı və Bottas hamıdan sürətli olmuşdu.

 

Pirelli bura orta üçlüyü – Medium, Soft və SuperSoft tərkibləri gətirib. Medium tərkiblərdən əsasən bu gün baş tutan məşq sessiyasının əvvəlində istifadə edilib. Sürücülər bura gətirilmiş ən yumşaq tərkib olan SuperSoft-ları belə qızdırmaqda çətinlik çəkiblər.

 

Birinci sessiyada Palmer istisna olmaqla, bütün sürücülər SuperSoft təkərlərlə boksları tərk ediblər – britaniyalı sürücünün maşınında yağ sızıntısı aşkarlanıb və problemi vaxtında aradan qaldırmaq mümkün olmadığından sıralanma turunda iştirak etməyib. Səhvlər yenə də müşahidə edilib – Sayns, Maqnussen və Qrojan 2-ci, Massa isə 8-ci döngədə səhvə yol verib. Mercedes AMG, Ferrari və Red Bull-un sürücüləri ikinci cəhdlərinə çıxmayıblar.

 

Protokollara rekord nəticə ilə Hemilton başçılıq edib – 1:41.983. Palmerlə yanaşı, mübarizəni dayandıran digər sürücülər isə Alonso, Qrojan, Eriksson və Vandorn olublar.

 

İkinci sessiyada da sürücülərin hamısı trasa SuperSoft-larla çıxıblar. Hemilton bu dəfə də rekordunu bir qədər yaxşılaşdırıb – 1:41.275. Ferrari və Red Bull sürücüləri onun nəticəsinə 0.6 saniyədən çox uduzub. Bottas sessiyanın sonlarında komanda yoldaşına bir qədər yaxın nəticə göstərib və ona 0.227 saniyə uduzub. Kvyat, Sayns, Maqnussen, Hülkenberq və Verlyayn mübarizəni dayandırıblar.

 

Son sessiya Stroll və Force İndia-nın sürücüləri istisna, qalan 7 sürücü dərhal trasa çıxıb. İlk cəhdlərdən sonra Bottas Hemiltonun rekordunu 0.001 saniyə düzəldərək liderliyə yüksəlib – 1:41.274. Finlandiyalı həmin dövrəsində 8-ci döngədə kiçik səhvə də yol verib. İlk iki sektorun rekordu ilə gələn Hemilton isə 16-cı döngədə trasdan çıxıb və vaxt itirib. Lakin britaniyalı yenə də ikinci nəticəni göstərə bilib. Sessiyanın sonuna 4 dəqiqədən bir qədər çox qalmış, Rikkardonun maşını 6-cı döngənin çıxışında sürüşərək divarla toqquşub. RB13-ün arxa asılqanı sınıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb.

 

Yaşıl işıqlar təxminən 9 dəqiqə sonra yanıb. Poul uğrunda mübarizə qaldığı yerdən davam edib – ilk sektordan sonra Bottas daha üstün olub, lakin Lyuis ikinci sektorda möhtəşəm nəticə göstərərək rəqiblərini trasın təkcə bu hissəsində 0.3 saniyə üstələyib. Bottas nəticəsini yaxşılaşdırıb – 1:41.027. Hemilton isə 1:40.593-lük nəticə göstərib və keçənilki poul nəticəsini 2 saniyədən çox üstələyərək trasın yeni rekorduna imza atıb.

 

66-cı poulunu qazanan britaniyalı Ayrton Sennanı keçib. Mixael Şumaxerə çatmaq üçün isə cəmi 2 poul qalıb. Sabahkı yarışa Lyuisin yanından komanda yoldaşı Valtteri başlayacaq. İkinci cərgəni isə Ferrari sürücüləri zəbt ediblər – Raykkönen bu dəfə Fetteli qabaqlayıb. Üçüncü cərgədən isə Ferstappen və Peres start alacaqlar.

 

Sabah bizi saat 17:00-dan etibarən gərgin yarış gözləyir.  

 

Mənbə: F-1.az