"FETTEL ÖZÜNÜ BİABIR ETDİ" - HEMİLTON
ESTAFET/ Mercedes komandasının sürücüsü Lyuis Hemilton Azərbaycan yarışında etdiyi hərəkətə görə əzəli rəqibi Sebastyan Fetteli sərt formada tənqid edib.
Həmilton təhlükəsizlik avtomobili rejiminin sonunda 15-ci döngənin çıxışında birdən yavaşlayıb və Fettel britaniyalı sürücüyə arxadan çırpılıb. Bu hadisədən sonra almaniyalı sürücü üçqat Dünya Çempionuna sərt reaksiya göstərib. 29 yaşlı sürücü əvvəlcə Hemiltona əl eylləyib, daha sonra isə onun yanına gələrək Ferrarisini 32 yaşlı sürücünün Mercedesinə çırpıb. Bu təmasdan sonra hər iki sürücü də mübarizəyə davam ediblər.
FIA insidenti araşdırdıqdan sonra Fettelə təhlükəli sürüşə görə 10 saniyə dayan və davam et cəzası verdiyi halda, Hemiltona cəza verilməyib. Yekunda almaniyalı sürücü 4-cü, britaniyalı sürücü isə 5-ci olub.
Lyuis Hemilton: “Əyləclə bağlı test etmirdim. Sürətimə nəzarət edirdim və həmişə eyni yerdə yavaşlayırdım. Deməli, bolidin içində yuxuya gedib və bolidimə çırpıldı. Buna baxmayaraq, 4-cü oldu. Bu utancvericidir. Özünü biabır etdi. Bilmirəm nə deyim. Sebastyan idmançı kimi davranmadı. Təhlükəli sürdü və 10 saniyə cəzası aldı. Əlavə sözüm yoxdur. Əgər kişidirsə, boliddən düşüb üstümə gəlməli idi. Dünyanın hər yerində Formula1-i izləyən gənc oğlanlar var. Onların bu hərəkəti görməsi xoş deyil. İnsanlar bu gün dördqat Dünya Çempionunun necə davrandığını gördülər. Ümid edirəm ki, bu hal başqa seriyalarda təkrarlanmaz. Mən yoluma davam edəcəm. Bu həftə çox güclü idik. İnkişafa davam edəcəyik. “Hammertime” – vaxtım gəldi!”
Mənbə: F-1.az