Azərbaycanda 7 idmançı dopinqə görə cəzaya məruz qalıb - AMADA açıqladı

AMADA 2022-ci ilin yekunlarına dair tədbir keçirib.
Toplantıda qurumun direktoru Şəfəq Hüseynli bildirib ki, AMADA fəaliyyət göstərdiyi 6 il ərzində ölkəmizdə idmana dopinq nəzarətini təmin etməklə yanaşı, qabaqcıl antidopinq təşkilatlarından birinə çevrilib. Hüseynli cari ildə görülən işlərdən də danışıb. 2022-ci ildə idmançılardan 1456 test götürülüb. Bunlardan 770 yarışda, 686-sı isə yarışdan kənarda olub. 2022-ci ildə 7 qayda pozuntusu aşkarlanıb. Boksda 2, ağır atletikada 2, güləş, karate və kikboks idman növlərində də qaydaları pozan idmançılar olub.
Antidopinq qayda pozuntularının aşkarlanmasında aparılan təhqiqatların böyük rolu var. Bu il AMADA 382 məsələ haqqında araşdırma aparıb.
Şəfəq Hüseynli deyib ki, bu il AMADA üçün beynəlxalq uğurlardan biri də Pekin 2022 qış Paralimpiya Oyunlarında Antidopinq Proqramı üzrə ÜADA-nın müstəqil müşahidəçi qrupuna rəhbərliyin ilk dəfə Azərbaycana həvalə edilməsi olub.

