Əliabbas və Hacı Avropa çempionu oldu, Maqomedxan gümüş medal qazandı - VİDEO

ESTAFET/ Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.

Yarışa 1/4 finaldan qoşulan Əliabbas Rzazadə (57 kq) almaniyalı Horst Lerə "tuş"la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb. Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Rzazadə finala yüksəlib. Əliabbas həlledici görüşdə türkiyəli Süleyman Atlıyla üz-üzə gəlib. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən güləşçimiz tam üstünlüklə (12:2) qalib gələrək Avropa çempionu olub.

Əli Rəhimzadə (65 kq) 1/8 finalda albaniyalı İslam Dudayevi mübarizədən kənarlaşdırıb - 5:2. Ancaq 1/4 finalda ermənistanlı Vazgen Tevanyana uduzub - 1:4. Rəqib finala yüksəldiyi üçün Rəhimzadə təsəlliverici görüşə çıxıb. İsrailli Coşua Finesilverə 7:0 hesabıyla qalib gələn Əli bürünc medal uğrunda qarşılaşmada ukraynalı Erik Aruşanyana minimal fərqlə (6:7) uduzub.

Hacı Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. Titullu güləşçimiz 1/4 finalda almaniyalı Kevin Henkelə gücünü göstərib - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabıyla məğlub edərək 5-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Əliyev həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanova da gücünü göstərib. Rəqibinə 10:3 hesabıyla qalib gələn Hacı 4 qat Avropa çempionu olub.

Səbuhi Əmiraslanov (79 kq) 1/8 finalda İman Mahdavini (UWW) 3:0 hesabıyla üstələyib. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Vladimeri Qamkrelidzeyə heç bir şans tanımayıb - 10:0. Avropa çempionatının debütantı yarımfinalda ukraynalı Vasili Mixaylovla güləşib. 1/4 final görüşündə dizindən aldığı zədə Mixaylovla istədiyi kimi güləşməyə imkan verməyib və 2:5 hesabıyla uduzub. Səbuhinin zədəsi bürünc medal uğrunda serbiyalı Hetik Çabolovla görüşə çıxmağa imkan vermədiyi üçün 5-ci yerlə kifayətlənib.

Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib - 12:1. Təmsilçimiz 1/4 finalda isveçrəli Samuel Şerrə də eyni aqibəti yaşadıb - 11:0. Maqomedov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşıb. Növbəti dəfə bu rəqibinə inamla (6:0) qalib gələn Maqomedov yenidən qitə birinciliyinin finalına vəsiqə qazanıb. Maqomedxan titul uğrunda gürcüstanlı Givi Matçaraşviliylə güləşib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə (3:4) uduzan Maqomedov gümüş medal əldə edib.

Müəllif: Natiq NƏSİROV