Ümid Rüstəmov qələbə ilə başladı: DÇ-2023
ESTAFET/ Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatına start verilib. 107 ölkədən 538 idmançının qatıldığı mundialın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov 1/32 final çərçivəsində Suleyman Samqhouli (Mərakeş) ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:27) hesablı qələbəsi ilə yekunlaşıb. Rüstəmov növbəti görüşündə türkiyəli Batuhan Citfçi ilə üz-üzə gələcək. Qarşılaşma mayın 5-də olacaq.
Eldar Quliyev (92 kq) isə 1/32 finalda Ahmad Alteymatla (İordaniya) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatdığından təmsilçimiz dünya çempionatı ilə vidalaşıb.
Qeyd edək ki, dünya çempionatının ikinci günündə daha 3 boksçumuz mübarizəyə qoşulacaq. Malik Həsənov (63,5 kq) Bilgə Kanlını (Türkiyə), Mirşərif Kazımzadə (75 kq) Edvin Ovuoru (Keniya), Murad Allahverdiyev (80 kq) isə Şabbos Neqmatullayevi (Tacikistan) sınağa çəkəcək.