İki boksçumuz dünya çempionatının yarımfinalına yüksəlib
Azərbaycan millisinin 2 boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Yığma üzvlərindən Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurub.
Dominqes yarımfinala gedən yolda Şoxcahon Abdullayevlə (Özbəkistan) döyüşüb. Dünya çempionumuz 5:2 (29:28, 29:28, 30:27, 27:30, 28:29, əlavə hakimlər 2:0) hesablı qələbə sayəsində ardıcıl ikinci dəfə mundialın 1/2 finalına yüksəlib. Alfonso növbəti görüşündə Georgi Kuşitaşvili (Gürcüstan) ilə gücünü yoxlayacaq.
Onun uğurunu Məhəmməd Abdullayev (+92 kq) də davam etdirib. 1/4 finalda Nikoloz Beqadze (Gürcüstan) ilə qarşılaşan dünya çempionatının mükafatçısı 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Abdullayev də ardıcıl ikinci dəfə mundialın yarımfinalında iştirak hüququ əldə edib. Məhəmməd bu mərhələdə kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.
Hər iki boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, 1/2 final döyüşləri mayın 12-də olacaq.