Məhəmməd Muradlı liderlərə qoşuldu
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalında 7-ci turun görüşləri yekunlaşıb.
C qrupunda 7 turdan sonra təmsilçimiz Şəmsi Qaraxanov ilk pillədə qərarlaşıb. Onunla eyni xala malik Türkiyə şahmatçısı Ayaz Zeyrek əlavə əmsallara görə ikinci yerdədir. Sonrakı yerlərdə 6 xalı olan şahmatçılarımız Hüseyn Qurbanov, Əhməd Hüseynov, Suat İbrahimli eləcə də özbək Afruzbek Sobirov və həmyerlimiz Məmməd Məmmədzadə 3-7-ci yerlərdi bölüşür.
B qrupunda ilk pillələrdə Azərbaycan şahmatçıları dayanıb. Hərəyə 6,5 xal toplayan Eldar Musayev və Elcan Əbdülkərimli 1-2-ci yerlərdədir. Aktivində 6 xalı olan Gürcüstan şahmatçısı Akaki Qaliçava digər həmkarları ilə birgə 3-7-ci pillələrdədir.
A qrupunda liderlik uğrunda gərgin mübarizə davam edir. Gürcüstan şahmatçısı Tornike Sanikedze 6 xalla bütün həmkarlarını qabaqlayır. Hindistanlı Leon Mendonca və şahmatçımız Məhəmməd Muradlı (hərəyə 5,5 xal) liderdən yarım xal geri qalır.
Xatırladaq ki, əsas turnirdə 23 ölkədən 140 şahmatçı iştirak edir. Festivalın mükafat fondu 55 000 dollar təşkil edir.