Şuşa UGİM Azərbaycan birinciliyində ümumilikdə 17 medal qazanıb

Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbi cüdo üzrə 15 yaşadək kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinin fərdi və komanda yarışlarında ümumilikdə 17 medal qazanıb.

Bu barədə ___-a Uşaq və Gənclər İdman Məktəbindən bildirilib. Qeyd olunub ki, 23-25 may tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışlarda qızlar və oğlanlar 20 çəki dərəcəsində güclərini sınayıblar.

Fərdi yarışlarda Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbi ümumi xal hesabına görə 2-ci, komanda yarışlarında qızlar arasında 1-ci, oğlanlar arasında isə 3-cü yerin sahibi olub.

Qeyd edək ki, Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbi 2022-ci ilin sentyabr ayından fəaliyyətə başlayıb. UGİM-in tərkibində cüdo, sərbəst güləş, yunan-roma güləşi və gimnastika olmaqla 4 idman bölməsi mövcuddur.

Müəllif: Bəhruz MƏMMƏDOV