Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbəri təyin edilib
Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbəri (şef-de-mission) təyin edilib.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbəri təyin olunub.
Rüfət Hacılı 1992-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə ali təhsilini Bakı Dövlət Universitetində tamamlayıb. 2017-ci ildən MPK-da beynəxalq əlaqələr və marketinq şöbəsində fəaliyyətə başlayıb, hazırda isə həmin şöbənin müdiridir. Eyni zamanda R.Hacılı Milli Abilimpiya Federasiyasının vitse-prezidenti və Beynəxalq Abilimpiya Federasiyasının idarə heyətinin üzvüdür.
R.Hacılı 2023-cü ildə X Beynəxalq Abilimpiya Çempionatında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Qeyd edək ki, XVII Yay Paralimpiya Oyunları 28 avqust – 08 sentyabr 2024-cü il tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək. Milli Paralimpiya Komitəsi və Ajan şəhərinin meriyası arasında imzalanmış müqaviləyə əsasən 2024-cü ilin avqust ayında Oyunlara səmərəli hazırlaşmaq məqsədilə milli paralimpiya komandası üçün Ajan şəhərində təlim-məşq toplanışı təşkil ediləcək. XVII Yay Paralimpiya Oyunlarında ölkəmizin 7-8 idman növündə 45-50-yə yaxın idmançı ilə təmsil olunması gözlənilir.