Sabirabad şəhərində "Sağlam məhəllə" idman zonası istifadəyə verilib

İyunun 10-da Sabirabad şəhərində "Sağlam məhəllə" idman zonası istifadəyə verilib. Gənclər və İdman Nazirliyinin istifadəyə verdiyi sayca dördüncü olan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.

Açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin deputatı Kamal Cəfərov, idman səfirləri Aynur İmanova, Aliyə Paşayeva, ağır atletika üzrə Avropa çempionu Dadaş Dadaşbəyli, “Neftçi” futbol klubunun üzvləri İsmayıl Zülfüqarlı, Ömər Buludov, Cavidan Şahbazlı və digər qonaqlar iştirak ediblər.

Açılış zamanı məşqçilər, idmançılar uşaqlara master-klass keçib, müxtəlif idman hərəkətləri öyrədiblər.

Gənclər və İdman Nazirliyi bu meydançanın istifadəyə verilməsində göstərdiyi dəstəyə görə Sabirabad Rayon İcra Hakimiyyətinə və “Qala Sığorta" şirkətinə təşəkkür edir.

Müəllif: Bəhruz MƏMMƏDOV