Bakıda Açıq Yay çempionatı start götürüb

Üzgüçülük üzrə Açıq Yay çempionatına start verilib. Bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti yayıb. Yarışlarda ümumilikdə 16 komanda iştirak edir. Bakı Su İdman Sarayında təşkil olunan çempionata bölgələrdə fəaliyyət göstərən komandalar da dəvət ediliblər. Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov belə yarışlarda yerli idmançıların öz qabiliyət və bacarıqlarını nümayiş etdirmək üçün çox yaxşı şəraitin olduğunu deyir:

“Biz bu kimi çempionatların və turnirlərin keçirilməsini çox yüksək qiymətləndiririk. Belə yarışlar böyük idman potensialı olan üzgüçülərin aşkar olunmasında yardımçı olur. Burada bölgələrdən də idmançıların qatılmağı çox təqdirəlayiqdir. Ümidvaram ki, mütəmadi keçirilən açıq çempionatlar və yarışlar ölkədə üzgüçülük idman növünə marağı artıracaq” deyə Rəşad Əbdürrəhmanov əlavə edib.

Açıq Yay çempionatı Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyi və Bakı Su İdman Sarayının birgə təşkilatçılığı ilə reallaşıb və iyun ayının 22-nə kimi davam edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV