"Qarabağ" bu məsələdə böyük sıxıntı yaşayır": Cahangir Həsənzadə
ESTAFET/ "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqin "Linkoln" klubu ilə qarşılaşacaq.
Sports.az-a danışan Azərbaycan millisinin və "Qarabağ"ın sabiq qapıçısı Cahangir Həsənzadə sözügedən qarşılaşmada Ağdam təmsilçisinin şanslarını dəyərləndirib:
"Heyətdə kifayət qədər sıxıntları olmasına baxmayaraq, düşünürəm ki, Cəbəllütarıq klubu "Qarabağ" üçün çox da çətin sınaq olmayacaq. İstənilən halda "Qarabağ" "Linkoln"u məğlub edəcək.
Ancaq məsələ sadəcə bu rəqib deyil. Biraz daha irəlini düşünməliyik. Çempionlar Liqası kifayət qədər keyfiyyətli turnirdir. Zaman-zaman adından və ölkəsindən asılı olmayaraq komandalar sürpriz edə bilirlər. Eynisini özümüz üçün də deyə bilərik. İllər öncə "Qarabağ" da sürpriz komanda kimi qələmə verilirdi. Bir müddət sonra özümüzə layiqli yer tutduq və bizimlə hesablaşmağa başladılar. İstəməzdim ki, "Qarabağ" da hansısa bir klubu ciddiyə almayıb Çempionlar Liqasından kənarda qalsın. Təbii ki, Konfrans Liqasında davam edəcəklər, amma şəxsən mənim bu il Çempionlar Liqasından gözləntilərim daha yüksəkdir. Düşünürəm ki, "Qarabağ"ın da məşqçilər heyəti və rəhbərliyi önlərinə yüksək hədəf qoyublar.
- Sizcə, "Qarabağ" Çempionlar Liqasında hansı mərhələyə qədər irəliləyə bilər?
- Proqnoz vermək çətindir. Ancaq bir şeyi deyə bilərəm ki, "Qarabağ"ın hazırki heyətini qiymətləndirmək çox mürəkkəb məsələdir. Yoldaşlıq görüşlərini izləsək də, bu oyunlara kənardan baxaraq yeni transferlərin mənfi və üstün cəhətlərini seçmək çox çətindir. Klubun məşqçiləri bunları daha yaxşı görüb üzərində çalışırlar. Fakt olan budur ki, bu, "Qarabağ"dır. İstənilən halda nəticəyə köklənmiş bir komandadır və Avropada bununla hesablaşırlar. Ona görə düşünürəm ki, ən azından pley-off mərhələsinə kimi irəliləyəcəklər. Ondan sonra isə püşkatmadan asılı olacaq.
- Yoldaşlıq matçlarından izlədiyiniz qədərilə hazırda heyətdə hansı mövqelərdə çatışmazlıqlar var?
- Mövqelər barədə çox danışmaq olar. İstənilən halda, yaxşıların arasından daha yaxşısını tapmaq olur. Amma burada məsələ baş məşqçinin fəlsəfəsi və oyun üslubundan asılıdır. Baş məşqçi öz oyununa uyğun birini tapa bilərsə, onun üçün böyük bir qazanc olar. Zənnimcə, hücum mövqeyində çatışmazlıq var. İki hücumçu ilə vidalaşıblar. Əgər bir komanda növbəti mərhələyə adlamağı qarşısına məqsəd qoyubsa, yaxşı forvardlar lazımdır və "Qarabağ" da bu məsələdə ən böyük sıxıntını yaşayır. Ona görə ən vacib olan məsələ kefiyyətli hücumçular və etibarlı arxa xətt oyunudur.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək. "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək. Cəbəllütariqdəki "Viktoriya" stadionunda gerçəkləşəcək ilk oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bakı Olimpiya Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.
"Köhlən atlar" bu rəqibi keçə bilsə, növbəti mərhələdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.