YIĞMA ASTARADA HAZIRLAŞIR - VİDEO
ESTAFET/ Ağır atletika üzrə qadınlardan ibarət yığma komandamız AAAF Parkın Astaradakı təlim-məşq bazasında hazırlıqlarını davam etdirir. Təqvim planına uyğun olaraq həyata keçirilən toplanışa böyük məşqçi Natalya Prişepa və onun köməkçisi Təranə Abbasova rəhbərlik edirlər.
Yığmamızın üzvləri gündə iki dəfə olmaqla intensiv hazırlıq mərhələsindədirlər. Bu təlim-məşq toplanışı sentyabrın 22-30-u tarixlərində Kosovoda keçiiləcək yeniyetmələr arasında Avropa birinciliyi, 15-22 oktyabr tarixlərində Albaniyada keçirilən gənclər arasında Avropa çempionatı, həmçinin digər yerli və beynəlxalq yarışlarda uğurlu çıxış etməyə hesablanıb.
Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov atletlər üçün bütün lazımi şəraitin yaradıldığını, qidalanma, istirahət, məşq imkanlarının təmin edildiyini qeyd edib, komandamıza inamını ifadə edib: “Təlim-məşq toplanışının axarını mütəmadi izləyirik. Müəyyən vaxtlarda bura baş çəkib idmançıların hazırlıq səviyyəsinin şahidi olur, gedişatla bağlı məşqçilərlə söhbət edirik. Problemləri həll edir, tövsiyələrimizi verir, bir kollektiv şəklində uğura doğru irəlilyirik. Əminik ki, qızlarımız bizi bütün yarışlarda uğurla təmsil edəcəklər”.