Cüdo həvəskarlarını ustad dərslərinə dəvət edilir

Azərbaycan Cüdo Federasiyası (ACF) 12 avqustda, Bakı şəhərində "Sərhədçi" İdman Mərkəzində təcrübəli cüdo mütəxəssislərinin iştirakı ilə ustad dərsi təşkil edəcək.

Master-klass cüdo idman növü ilə yaxından tanış olmaq, bu idmanı ən yaxşılarından öyrənmək və bacarıqlarınızı artırmaq üçün unikal imkan yaradır. İstər yeni başlayan, istərsə də təcrübəli cüdoçu olmağınızdan asılı olmayaraq, ustad dərsi sizə növbəti səviyyəyə keçməyə kömək edəcək.

Ustad dərsi Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları Rüstəm Orucov və Orxan Səfərovun iştirakı ilə baş tutacaq.

Tədbir zamanı cüdonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunacaq. Siz həmçinin canlı olaraq dərsdə iştirak etmək, təcrübəli mütəxəssislərdən və digər cüdo həvəskarları ilə ünsiyyət qurmaq imkanına sahib olacaqsınız.

6 yaşdan yuxarı hər kəs cüdoqidə tədbirdə ödənişsiz iştirak edə bilər. Tədbir saat 11:00-da başlayacaqdır. İştirakçıların 10:30-da tədbirin keçiriləcəyi məkanda olmaqları vacibdir.

Sizləri 12 avqustda "Sərhədçi" İdman Mərkəzində cüdo ustad dərslərində görməyi səbirsizliklə gözləyirik!

Müəllif: Natiq NƏSİROV