GÜLƏŞDƏ YENİ QAYDALAR TEST EDİLƏCƏK

ESTAFET/ 24-30 iyul 2017-ci il tarixdə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcək.

 

Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, yarış qaydalarında edilən bəzi dəyişikliklər burada test ediləcək. Məlum olduğu kimi, növbəti ildən etibarən qitə və dünya çempionatlarında çəki dərəcələri üzrə yarış günlərinin bir gündən iki günə artırılması nəzərdə tutulur. Belə ki, proqrama əsasən ilkin görüşlər (yarımfinal görüşü də daxil olmaqla) ilk yarış günündə, təsəlliverici və medal görüşləri isə növbəti yarış günündə baş tutacaq. İdmançılar isə hər iki yarış günündə çəki prosesinə cəlb ediləcək. İlk yarış günündə idmançılar mübarizə apardıqları çəkidə güləşsə də, ikinci yarış günündə onlara normadan 2 kq artıq çəkidə güləşməyə icazə veriləcək.