Azərbaycan millisinin və "Neftçi"nin oyun təqvimi açıqlanıb

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində qadın millimiz və "Neftçi" nin qrupları və oyun təqvimləri müəyyənləşib

18-19 avqust tarixlərində İspaniyanın Melilya şəhərində 12 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq. Melilya mərhələsində iştirak edəcək qadın millimiz C qrupunda İspaniya yığması və "Yuanda" (Çin) klubu ilə qarşılaşacaq. Təmsilçimiz “Neftçi” isə B qrupunda "Düsseldorf Zoos"(Almaniya) klubu və Portuqaliya millisi ilə mübarizə aparacaq. Qadın millimizin qrupdakı ilk  oyununu avqustun 18-də Bakı vaxtı ilə saat 20:20-də İspaniya millisinə qarşı, “Neftçi” klubu isə qrupda ilk oyununu həmin gün Bakı vaxtı ilə saat 19:55-də Portuqaliya seçməsinə qarşı keçirəcək. Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Müəllif: Məsim MƏSİMZADƏ