MİNSKDƏ ÜMUMİ MEDAL SAYI 4 OLDU
ESTAFET/ Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa açıq çempionatı başa çatıb. Yarışın ikinci günündə cüdoçularımız bir gümüş və bir bürünc medal qazanıblar.
100+ kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri ardıcıl olaraq, Rusiya, Belarus və Litva təmsilçilərinə qalib gələrək finala çıxıb. Burada isə Belarusun digər təmsilçisinə məğlub olaraq gümüş medala sahib olub.
Qadınların yarışında +78 çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska Ukrayna və Litva cüdoçularını məğlub edərək yarımfinala çıxıb. Burada yerli idmançı Marina Slutskayaya məğlub olan İrina 3-cü yer üçün başqa bir Belarus təmsilçisi Katerina Kalyujnaya ilə qarşılaşıb. Bu dəfə qalib gələn təmsilçimiz Minski bürünc medalla tərk edib.
Beləliklə cüdoçularımız Minsk turnirini 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Xəbər verdiyimiz kimi, yarışın ilk günü Hidayət Heydərov və Nicat Şıxalizadə bütün rəqiblərinə qalib gələrək Belarus paytaxtında çempionluq sevinci yaşayıblar.
Xatırladaq ki, 46 ölkədən 411 (285 kişi, 126 qadn) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunub.