AMADA ilə ictimai birlik arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu qurumun direktoru Şəfəq Hüseynli və ictimai birliyin sədri Leyla Zeynalova imzalayıblar.
Ş. Hüseynli bildirib ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirən AMADA-nın direktoru ölkədə könüllülük hərəkatına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Prezident İlham Əliyev həmişə könüllülük hərəkatının inkişafını diqqət mərkəzində saxlayıb. Belə ki, dövlət başçısının Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər İli” elan olunub.
İctimai birliyin fəaliyyəti ilə bağlı məlumat verən Leyla Zeynalova həyata keçirilən layihələr və perspektivlər barədə danışıb. O qeyd edib ki, təşkilat 11 regionda ali, orta ixtisas və peşə olmaqla, ümumilikdə 40-dan çox təhsil müəssisəsində fəaliyyət göstərərək, 30 mindən çox tələbə-könüllünü əhatə edir. L. Zeynalovanın sözlərinə görə, indiyədək 1000-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək göstərilib.
Memorandum gənclər arasında könüllülük hərəkatının inkişafı, dopinqlə mübarizə, təmiz idmanın davamlı inkişafının təmin edilməsi sahələrində layihələrin birgə icrası, xüsusilə də dövlət və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq məqsədi daşıyır.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.