Veteranların dünya çempionatında 1 dəst medal

ESTAFET/ Oktyabrın 17-dən 22-dək Yunanıstanın Lutraki şəhərində veteranlar arasında dünya çempionatı keçirilib.

Ölkəmizi sərbəst güləşdə Cəlal Süleymanov (62 kq), yunan-Roma güləşində isə Xalid Cəfərov (70 kq) və Elgiz Məmmədov (88 kq) təmsil edib.

Cəlal Süleymanov (62 kq) qazaxıstanlı Medet Raximbay (tuş), yaponiyalı Ken Kikuçi (5:0) və amerikalı Benjamin Kyara (4:1) qalib gələrək dünya çempionu olub.

Xalid Cəfərov (70 kq) amerikalı Ceyms Ferqusona (9:1) tam üstünlüklə qalib gəsə də, yarımfinalda serbiyalı Milan Mariçə uduzub – 0:8. Cəfərov İsveçli Karl Qranbomu minimal fərqlə məğlub edərək (6:5) bürünc medala sahib çıxıb.

Elgiz Məmmədov (88 kq) rusiyalı Şamil Abulmuslimov (9:0), qazaxıstanlı Bakitjan Nuradinov (tuş) və amerikalı Kayl de Berrini (10:2) vaxtından əvvəl məyus edib. Həlledici görüşdə bolqarıstanlı Plamen Palevə 3:8 hesabıyla uduzan Məmmədov ardıcıl 2-ci dəfə dünya ikincisi olub.

Beləliklə, güləşçilərimiz mundialda bir dəst medal qazanıb.

DÇ-də hakimlərimizdən Xəyal Əliyev, Sevinc Yusibova və Eldar Bayramov ədaləti qoruyub.

Müəllif: Natiq NƏSİROV