AKF Rəsmiləri ümumdünya karate federasiyasının konqresində iştirak ediblər

Macarıstanda karate üzrə Dünya Çempionatı start götürüb. Yarışdan əvvəl paytaxt Budapeştdə Ümumdünya Karate Federasiyasının Konqresi keçirilib. Tədbirdə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov və federasiyanın idarə heyətinin üzvü Yaşar Bəşirov da iştirak ediblər. Konqresdə cari dünya çempionatı ilə yanaşı, növbəti mundialın keçiriləcəyi məkanla bağlı müzakirələr aparılıb. Daha sonra Atletlər Komissiyası seçkilərinə namizədlər açıqlanıb.

Dünya Karate Federasiyasının Prezidenti Antonio Espinoz karatenin yenidən Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi üçün çalışacaqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, Budapeşt-2023-ə rekord sayda, 1149 idmançı qeydiyyatdan keçib.

Bunun ardınca Atletlər Komissiyası seçkilərinə namizədlər açıqlanıb. Cəmi doqquz karateçinin iki yer uğrunda mübarizə aparacağı vurğulanıb. Onlar arasında Azərbaycan millisnin üzvü İrina Zaretska da var.

Konqresdə, 2025-ci ildə keçiriləcək böyüklər arasında fərdi dünya çempionatının ev sahibi də müəyyənləşib. Yarışın seçmə mərhələsi Parisdə, final görüşləri isə Misirin payaxtı Qahirədə baş tutacaq. Qeyd edək ki səfər çərçivəsində AKF rəsmiləri Dünya Karate Federasiyasının Prezidenti Antonio Espinozla görüşərək qarşılıqlı fikir mübadiləsi aparıblar. Antonio Espinoza Federasiya adından xatirə hədiyyəsi təqdim edilib.

Müəllif: Natiq NƏSİROV