AKAF ilin ən aktiv idman qurumu seçildi

ESTAFET/ Milli Olimpiya Komitəsi (MOK) 2023-cü ilin idman yekunlarına həsr edilən tədbir keçirib. “Olimpiya gecəsi” devizi altında keçirilən tədbirdə idman ictimaiyyətində müxtəlif nominasiyalar üzrə ən yaxşıların adları açıqlanıb. 

2023-cü ildə “Prezident Kuboku-2023” və “Mingəçevir Reqatası-2023” beynəlxalq yarışlarını təşkil edən, ölkə xaricində müxtəlif beynəlxal turnirlərdə ölkəmizi təmsil edən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilin ən aktiv idman qurumu adına layiq görülüb.  

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, MOK-un baş katibi Azər Əliyev və digər tanınmış idman xadimləri təqdim ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV