“Avtoqollar bizi 7 xaldan məhrum edib”: Murad Musayev

ESTAFET/ “Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 18-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

O, 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Demək olar ki, oyun üstünlüyü bizim tərəfimizdə idi. Amma bu üstünlük, yaradılan fürsətlər yetmədi ki, heç olmasa bir xal qazanaq. Bir şeyi də qeyd etmək istəyirəm ki, əvvəllər biz öldürücü komandaya sahib idik. Yarım qol şanslarından belə istifadə edib qol vura bilirdik. İndi bu keyfiyyətlərimizi itirmişik. Oyunçularla yanaşı biz məşqçilər də daha çox çalışmalıyıq. Komanda yenilənib. Əvvəlki qələbəyə olan aclığımız itib. Mənim məşqçi kimi vəzifəm o istəyi və arzunu qaytarmaqdır. Bunun üçün çalışacağıq. Özümüzü məhv etməklə məşğuluq. Öz qapımıza 3 qol vurmuşuq. Bu, olmamalıdır. Avtoqollar bizi 7 xaldan məhrum edib”.

Müəllif: Bəhruz MƏMMƏDOV