Autizm Assosiasiyası və ADBTİA əməkdaşlığa hazırlaşır

ESTAFET/ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Akademiyanın rektoru Fuad Hacıyev və Azərbaycan Autizm Assosiasiyasının prezidenti, millət vəkili Jalə Əliyeva arasında görüş baş tutub. Jalə Əliyeva Akademiyanın Mulltimedia Mərkəzi və Elmi-Tədris laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub.
Akademiyanın rektoru Fuad Hacıyev ikili diplom proqramları, beynəlxalq dərəcəli mütəxəssis və əcnəbi professorların iştirakı ilə idman və reabilitasiya istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib. Həmçinin mühüm əhəmiyyət kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Assosiasiya prezidenti autizm ilə bağlı görülən tədbirlər, dövlətin bu sahəyə diqqət və qayğısı, assosiasiyanın fəaliyyəti, eləcə bölgələrdə bu sahədə mövcud olan problemləri və qanunvericilikdə olan boşluqları görüş iştirakçılarının diqqətinə çatdırıb. Jalə xanım onu ən çox narahat edən məsələ ətrafında çıxış edərək bildirib ki, son dövrlər autizm spektrli şəxslərə "dəstək" məqsədi ilə yaradılan bir çox mərkəzlərin əslində çox çirkin əməllər üzərində qurulan fəaliyyətləri böyük təəssüf hissi doğurur. Autizm spektrli uşaqlar üzərində maddi qazanc güdən həmin mərkəzlərin fəaliyyətinə ciddi nəzarət mexanizmi tətbiq edilməli və qeyri-qanuni hərəkətlər aşkar edildikdə fəaliyyəti dayandırılmalı, həmin şəxslər qanuna uyğun olaraq cəzalandırılmalıdır.
Görüş zamanı, Assosiasiya və Akademiya arasında mümkün istiqamətlər üzrə gələcək fəaliyyət planları da müzakirə edilib və əməkdaşlığın faydalı olacağından əminlik vurğulanıb.
