"Günahkar özümüzük": Murad Musayev

ESTAFET/ "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

O, 1:7 hesabı ilə məğlub olduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Rəqib bütün komponentlərdə bizdən üstün idi. Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil. Günahkar özümüzük.

İlk hissədə özümüz rəqibə 3 qol hədiyyə verdik. Ondan sonra artıq hesabın 1:5, 1:6, 1:7 olmasının fərqi yox idi. 

Nicatın ikinci qola qədər zədəsinə görə həkimləri niyə çağırmadığını anlamıram. Əslində təcrübəli futbolçudur. Yerə yıxılıb həkimləri çağırmalı idi. Zədən varsa, niyə oynayırsan? Çıxmaq lazımdır.

1:7 ağır nəticədir. Buna görə yüz faiz mən günahkaram. Məşqçi mənəm, keyfiyyətə görə mən məsuliyyət daşıyıram. Amma bütün bunların öhdəsindən gəlməliyik”.

Müəllif: Orxan NOVRUZOV