“Üstünlük “Braqa”dadır, amma...”: Qurban Qurbanov

ESTAFET/ "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə oyundan öncə jurnalistlərin suallarını cavablandırdı. 

Mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Bizi çətin oyun gözləyir. Ciddi rəqibə qarşı oynayacağıq. Bugünkü hazırlığımız pis keçmədi. Son illərin ən sürətli, dinamik futbol oynayan komandası ilə qarşılaşacağıq. Futbolçularımın hazırlığı yaxşı səviyyədədir. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik. İstəkliyik. Rəqibə böyük dəyər veririk. İnanırıq ki, bu komandaya qarşı yaxşı, maraqlı futbol oynamağı bacaracaqlar. 

- "Braqa"nın heyətinin dəyəri yüksəkdir. Bu məqam futbolçulara hansısa mənfi təsir edirmi?
- Müqayisələrdən keçib. Ümumiyyətlə, biz illər boyu belə hallarla rastlaşmışıq. Avropada futbol sürətlə inkişaf edir, böyük sərmayələr qoyulur, işlər gedir. Düzdür, bizə təsiri olacaq. Çünki bu futbolçular illərlə eyni sürətdə oynayırlar. Bu cür komandalarçün belə turnirlərdə oynamaq daha asandır. Amma bizim də təcrübəmiz az deyil. Belə müqayisələri futbolçuların beyninə salmaq istəmirik. Əlimizə düşən şanslardan yararlanmağa çalışacağıq. Bəzən təcrübə alınır, düşündüklərin yox. Klub, ölkə futbolu olaraq səviyyə fərqi çoxdur. Bunları düşünməyərək, oyuna yaxşı fonda hazırlaşmağa çalışırıq. 

- "Braqa" Çempionlar Liqasından gəlib, ağır qrupda idilər. Püşk atılanda onlar yerli çempionatda ən çox qol vuran komanda idi. Lakin indi bu statistikanı əldən veriblər, komanda sanki enişdədir. Bütün bunlar bugünkü vəziyyətdə bizi ümidləndirə bilərmi?
- Qeyd etdiyim kimi, ciddi rəqibə qarşı oynayacağıq. Bir komanda il boyu eyni səviyyədə ola bilməz. Çünki qarşısında daima onları təhlil edən komanda olur. Son oyunlarda bizim də problemlərimiz olub. Lakin o demək deyil ki, sabah bunlar təkrarlanacaq. Və ya "Braqa" tərəfdən. Heç nəyə aldanmalı deyilik, real olmalıyıq. "Braqa"nı necə tanıyırıq, onların hansı keyfiyyətləri varsa, düzgün yanaşmalıyıq. Arxayınçılıq olsa, bizimçün böyük problem ola bilər. Rəqibimiz istəklidir. Baş məşqçilərinin də açıqlamalarına baxdım, oyuna ciddi yanaşır, bizə dəyər verirlər. Bunlar qarşılıqlıdır. Onlar "Sportinq"ə böyük hesablı məğlubiyyəti unutdurmağa şansları var. Bundan istifadə etməyə çalışacaqlar. Statistikanı düşünmürük. Əsl "Braqa"nı fikirləşərək, meydana çıxmalıyıq. 

- Faiz nisbətilə götürsək, mərhələ adlamaq şanslarını necə qiymətləndirirsiniz?
- Faiz deməzdim, real olsaq, üstünlük "Braqa"dadır. Amma bununla barışmırıq və meydanda işimizi görməyə çalışacağıq. (Sports.az)

Müəllif: Orxan NOVRUZOV