Olimpiya Çempionları 60 saylı Tam Orta Məktəbin idmançı yetirmələri ilə görüşdü

ESTAFET/ Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu, Cənab prezident İlham Əliyevin davam etdirdiyi idmana və idmançıya qayğı bu gün də yeni nəsil idmançılarına ruh yüksəkliyi verir. Bu siyasəti və diqqəti bütün idman növlərində uğur qazanmış, bayrağımızı dünya arenasında dalğalandırmış, fəxrlərimiz layiqincə davam etdirir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin " İdmansevərlər" layihəsi çərçivəsində məktəblərdə müxtəlif tədbirlər həyata keçirilir. Bu gün Paşa Nəzərov adına 60 saylı Tam Orta Məktəbin idmansevərləri ilə görüşə stend atıcılığı üzrə ikiqat dünya və Olimpiya çempionu Zemfira Meftahətdinova, güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev gəlmişdi. Qonaqlar məktəbin I Qarabağ şəhidi Paşa Nəzərov və II Qarabağ şəhidi Rəşad Zeynallının barelyefi qarşısında sayğı duruşu etdilər. Daha sonra istedadlı şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Məktəbin idmanla məşğul olan şagirdləri çempionları idman zalında alqışlarla qarşıladılar. Direktor əvəzi Günay Cəlilova və müavin Xədicə Əliyeva idman sahəsində nailiyyətləri olan şagirdləri olimpiya çempionlarına bir-bir təqdim etdi. Xatirə şəkilləri çəkdirdilər. Tədbirin bədii hissəsi Dövlət Himn ilə başlayıb, Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək davam etdi. Tədbir şagirdlərin musiqili kompozisiyası ilə daha da yaddaqalan oldu. Sonda məktəbin direktor əvəzi Günay Cəlilova qonaqlara öz təşəkkürünü bildirdi. Tanınmış idmançılarımız ilə belə görüşlərin keçirilməsinin "idmansevərlərimizin" həyatında müsbət rol oynadığını vurğuladı.
Esmira Turan
