"İNTER" PİK-İN BƏYANATI
ESTAFET/ "İnter" Peşəkar İdman Klubu keçmiş futbolçusu Rauf Əliyevlə bağlı bəyanat yayıb. Bəyanatı təqdim edirik.
"Topaz Premyer Liqasının 2016-2017-ci il mövsümü başa çatmasından sonra İnter PİK-in rəhbərliyi Avropa Liqasının oyunlarına hazırlıq öncəsi "İnter" Futbol Klubunun məşqçi heyəti və futbolçuları ilə görüş keçirmişdi.Həmin görüş zamanı klub rəhbərliyi maliyyə çətinliyinə baxmayaraq komanda üzvlərinə hərtərəfli dəstək veriləcəyini bildirmiş və hər bir futbolçunun klub üçün dəyərli olduğunu vurğulamışdı. Bununla yanaşı, görüşdə futbolçuların diqqətinə çatdırılmışdı ki, "İnter" FK-da qalıb-qalmamaqla bağlı seçimləri də var. Təlim-məşq toplanışına gələn futbolçular (Səlahət Ağayev istisna olmaqla), o cümlədən Rauf Əliyev klubdan ayrılmayacaqlarını bildirmişdilər.
Lakin yeni mövsümün başlanmasına 4 gün qalmış "İnter" FK-nın üzvü Rauf Əliyev klub rəhbərliyilə görüşərək komandadan ayrılmaq istədiyini bildirmişdir. Klub rəhbərliyi belə istəyin çempionatın başlanmasına ən azı 1 ay qalmış irəli sürülməsinin əhəmiyyətini R.Əliyevin diqqətini çatdırmışdı. Bununla yanaşı, UEFA-nın məlum transfer qadağasının olduğuna görə heyətin formalaşdırılmasında çətinliklərin olacağını və komandanın baş məşqçisi Zaur Svanadzenin onun xidmətində maraqlı olduğunu R.Əliyevə izah edilmişdir. Klub rəhbərliyi R.Əliyevlə görüşdə xüsusi olaraq vurğulamışdır ki, İnter FK-dan getmək istəyini Avropa Liqasına hazırlığa başlamamışdan əvvəl bildirməli idi, çünki belə olacağı təqdirdə, onun yerinə əvəzedici heyətdən oyunçu cəlb edilə və həmin oyunçunu Avropa Liqası, eyni zamanda, Topaz Premyer Liqasında yeni mövsümün oyunlarına hazırlamaq mümkün ola bilərdi. Buna görə də, klub rəhbərliyi R.Əliyevin komandadan ayrılmaq istəyinin futbol qaydalarına uyğun həll edilməsində maraqlı olduğunu bir daha futbolçunun diqqətinə çatdırmışdı.
Bununla belə, klub rəhbərliyilə danışıqlardan sonra R.Əliyev AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşərək, Azərbaycandan kənarda oynamaq arzusunda olduğunu bildirmişdir. Azərbaycan milli komandasına cəlb olunan futbolçuların xarici klublarda oynamasını dəstəkləyən AFFA-nın baş katibi Elxan Məmmədov R.Əliyevlə bağlı İnter PİK-ə müraciət edərək, azərbaycanlı futbolçuların xaricdə oynamalarına dəstək verilməsini və bütün bunların hüquqi müstəvidə həll olunmasını tövsiyə etmişdir. Ancaq həmin görüşdən sonra R.Əliyev məşqlərə qatılmayaraq və klub rəhbərliyinə məlumat verməyərək Albaniyaya getmişdir. İnter PİK rəhbərliyi Azərbaycan milli komandasının hər bir üzvünün inkişafına təsir göstərəcək istənilən addımları dəstəkləyir və bundan sonra da dəstəyini əsirgəməyəcəkdir. Lakin R.Əliyev "İnter" FK-dan ayrılmasına görə kluba hər hansı bir təzminat ödəməkdən intina edərək, məsələni Kütləvi İnformasiya Vasitələri üzərindən həll etməyə çalışır ki, bu da xoşagələn hal deyil. İnter PİK-in rəhbərliyi bir daha bəyan edir ki, klub azərbaycanlı futbolçuların xarici komandalarda oynamalarını dəstəkləyir, ancaq istənilən halda bu məsələ sivil qaydalara uyğun olmalıdır. Ümid edirik ki, R.Əliyev də bu qaydalara uyğun addım atacaqdır".