MİLLİ ÜZVÜNDƏN FEDERASİYAYA BAYKOTLA ETİRAZ

ESTAFET/ Xəbər verdiyimiz kimi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə avqust ayının 20-26 tarixlərində Azərbaycan və Almaniya qadın yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək. Görüşqabağı xoşagəlməz hal yaranıb. Belə ki, federasiya tərəfindən görüşlərin püşkatmasının FIDE-nin qaydalarına zidd atıldığını bildirən qadın yığmamızın əsas üzvlərindən biri, gənc və perspektivli şahmatçı Günay Məmmədzadə bu görüşlərdə iştirakdan imtina etdiyini bildirib. O bunu şəxsi feysbuk səhifəsində federasiyaya ünvanladığı aşıq məktubunda yazıb. Məktubu olduğu kimi təqdim edirik.


"Azərbaycan Şahmat Federasiyasına
Eşidəndə ki, 20-26 avqust tarixində Almaniya ilə Azərbaycan milli yığması arasında yoldaşlıq görüşü keçiriləcək, bu məni sevindirdi. Sevindim ki, növbəti dəfə öz gücümüzü yoxlamağa, təcrübəmizi artırmağa əlavə fürsət qazandıq. Lakin məlum olanda ki, yarış FİDE qaydalarına uyğun keçirilməyəcək, bu məni təəssüfləndirdi...


FİDE qaydalarına əsasən püşk atma şəffaf keçirilməlidir – bu qayda kobud şəkildə pozulmuşdur. Yarışın əsasnaməsi olmadığına görə püşkün kim tərəfindən və hansı sxemlə keçirilməsi barədə federasiyadan soruşmaq qərarına gəldim. Məlum oldu ki, F. Həsənov ilk turda püşk atmadan ağ rəngi qonaqlara hədiyyə edib. Burada artıq şərhə ehtiyac yoxdur. Sadəcə, diqqətinizə çatdırmaq istərdim ki, yoldaşlıq görüşünə rəğmən oyunların nəticəsi FIDE-yə göndərilir, reytinqlər hesablanır və belə bir qonaqpərvərliyin nəticəsində mən ikinci oyunu da qaralarla oynamalıyam.


Çox təəssüf edirəm ki, bu gün yarışa hazırlaşmaq əvəzinə bu məktubu yazmaq zəruriyyətindəyəm və Sizə öz etirazımı bildirməyə məcburam. Yarış FIDE qaydalarına uyğun keçirilmədiyi təqdirdə, mən bu yarışda iştirak edə bilmərəm! Hesab edirəm ki, doğma federasiya öz idmançılarına 2 dəfə dalbadal qaralarla oynamaq deyil, 5 dəfə ağlarla oynamağa şərait yaratmaq haqda düşünməlidir.


Hörmətlə, Günay Məmmədzadə
18 avqust 2017"