Bədii gimnastikada Azərbaycan çempionları müəyyənləşdi

ESTAFET/ Bu gün, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 24-cü Açıq Azərbaycan Çempionatı öz işinə yekun vurdu.

 

Ölkə çempionu adı uğrunda gedən mübarizədə gənclər və böyüklər yaş kateqoriyasında yer alan 25 gimnast çıxış edirdi. Çoxnövçülükdə gənclər arasında ən yaxşı nəticəni Bakı Gimnastika Məktəbinin yetirməsi Dərya Farşbafşəhriyari göstərdi. O, hakimlərdən 49.250 xal alıb. Sonrakı pillələrdə isə "Ocaq Sport" Klubunun təmsilçiləri Nərminə Səmədova (48.050) və Arzu Cəlilova (47.700) yer aldı. Gənc gimnastlarımız müvafiq olaraq 2-ci və 3-cü yerlərdə qərar tutdular.

 

Böyüklər yaş kateqoriyasında Azərbaycan Çempionu adını millimizin perspektivli gimnastlarından biri, "Ocaq Sport" Klubunun yetirməsi Zöhrə Ağamirova (64.900) qazandı. Fəxri kürsünün ikinci pilləsində də eyni klubun təmsilçisi, 47.500 xalla Veronika Hudis yer aldı. Açıq Azərbaycan Çempionatında yerli gimnastlarla yanaşı, ölkəmizdə təlim-məşq toplanışı keçən Yeni Zelandiya təmsilçiləri də iştirak ediblər. Onlardan Tanaka Probert Ayan 45.600 xalla 3-cü yerdə qərarlaşdı.