Batutçularımız Slavyan oyunlarını medallarla başa vurublar
ESTAFET/ 17-18 avqust tarixlərində Minskdə (Belarus) batut gimnastikası üzrə "Slavyan Oyunları" keçirilib. Azərbaycan gimnastlarının da iştirak etdiyi yarışlarda 11 ölkənin təmsilçiləri 11-12, 13-14, 15-16, 17 və daha böyük yaş kateqoriyasında çıxış ediblər.
Batutçularımız həm sinxron, həm də fərdi proqramda medal qazanmağa müvəffəq olublar. Belə ki, Oleq Piunov-İlya Qrişunin cütlüyü sinxron proqramda yalnız ev sahibi komandasından geri qalıb. Kişi cütlüyümüz 49.765 xalla gümüş medal əldə edib. İlya fərdi proqramda da uğurlu çıxış nümayiş etdirərək, həlledici mərhələdə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Qadın cütlüyümüz Svetlana Makştaryova və Veronika Zemlyanaya sinxron proqramda medal qazana bilməsələrdə (5-ci yer), Veronika fərdi proqramda ilk üçlükdə yer alaraq, şəxsi hesabına bürünc medalı daxil edib.
Yığmamızın ən gənc batutçusu Selcan Mahsudova da uğurlu çıxışla yadda qalıb. Belə ki, fərdi proqramda gənclər arasında mübarizəyə qatılan Selcanın inamlı çıxışlar nümayiş etdirməsi ona beynəlxalq arenada ilk medalını qazandırıb. O 50.290 xalla turnirin bürünc mükafatına layiq görülüb.