"Mənim üçün qızıl medal qazanmaq, yaxud dünya rekordunu yeniləmək o qədər də əhəmiyyətli deyil" Yukun Liu

Yarış başa çatandan sonra Yukun Liu təəssüratlarını dilə gətirib:

“Mənim üçün qızıl medal qazanmaq, yaxud dünya rekordunu yeniləmək o qədər də əhəmiyyətli deyil. Ən vacibi nəyə qadir olduğumu göstərmək və görmək idi.

Son atışlardakı rəqibim həmyerlim idi. Amma bunun da ciddi önəmi yoxdur. Başqa ölkənin atleti də ola bilərdi. Dediyim kimi, mənim üçün vacib olan potensialımı göstərmək, atışlardan zövq almaq və dostluq ortamından xoşlanmaqdır.

Bakıda keçirilən Dünya Kubokunda çinli idmançıların daha çox medal qazanmasının başlıca səbəbi təlim-məşq toplanışları zamanı daha çox əziyyət çəkmələridir. Təlimlərdə qarşımıza müəyyən hədəflər qoyuruq və bu cür yarışlarda həmin nöqtəyə çatmaq üçün səy göstəririk.

Bakıda gördüklərimə gəlincə, paytaxtınızı çox bəyənirəm. İmkan olduqca gəzməyə çıxırıq. Yüksək mərtəbəli binalar, işıqlı küçələr, ictimai-iaşə obyektlərinin çoxluğu Bakıya gözəllik verir.

Bakı Atıcılıq Mərkəzi isə sözün bütün mənalarında möhtəşəmdir. Müasir standartlara cavab verir, iştirakçılar üçün hər cür şərait var. Şəxsən bura gələndə zövq alıram”.

Müəllif: Bəhruz MƏMMƏDOV