Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Azərbaycanda akademiya açmağı planlaşdırır
Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludla görüş olub.
MOK-dan verilən məlumata görə, tədbirdə Azərbaycanla IWF arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanda ağırlıqqaldırmanın böyük ənənələrinin olduğunu deyən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə federasiyanın yeni inkişaf yoluna başladığını diqqətə çatdırıb: “Ölkəmizdə ağırlıqqaldırma üzrə kifayət qədər dünya, Avropa çempionatlarının qalibi və mükafatçıları var. Bu gün Azərbaycanda ağırlıqqaldırma idman növünün inkişafı üçün federasiya rəhbərliyi səmərəli işlər həyata keçirir. Ümid edirik ki, bu iş uğurla başa çatacaq və ağırlıqqaldıranlarımız Yay Olimpiya Oyunlarında uğurla iştirak edəcəklər”.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Calud Azərbaycanda olmaqdan məmnunluğunu bildirib. Rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verən qonaq ağırlıqqaldırma idman növündə dopinqə qarşı mübarizənin vacibliyindən danışıb və bu kimi halları minimuma endirdiklərini diqqətə çatdırıb: “Azərbaycanda səfərdə olduğum müddətdə ağırlıqqaldırma üzrə məşq bazası ilə tanış oldum. Orada bir sıra gənc ağırlıqqaldıranların məşqini izlədim. Onların çıxışı mənə böyük ümid verdi. İnanıram ki, bu gənclər özlərini 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında doğruldacaqlar”.
IWF rəhbəri, həmçinin Azərbaycanda yeni akademiyanın yaradılması məsələsinə də toxunub: “Bizim bir sıra layihələrimiz var. Onlardan biri də məşqçilərlə bağlıdır. Məşqçilərin hazırlanması ilə bağlı yeni qaydalar hazırlanır. Akademiya yaratmaq üçün biz beş qitənin hərəsindən bir ölkə seçəcəyik. Avropa qitəsindən isə Azərbaycanı seçməyi düşünürük. Belə ki, beynəlxalq dərəcəli məşqçi olmaq istəyən şəxslər Bakıya gələcək, imtahandan keçərək sertifikatlar alacaqlar. Düşünürəm ki, bu Azərbaycan üçün çox önəmli olacaq”.
MOK-un baş katibi Azər Əliyev Azərbaycan Ağırlıqqaldırma Federasiyasının gördüyü işlərdən danışıb. Ölkədə yeni, gənc ağırlıqqaldıranların yetişdiyini deyən A.Əliyev onların qarşıdan gələn dünya, Avropa çempionatlarında, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda uğurla çıxış edəcəklərinə inandığını bildirib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə Məhəmməd Caludun səfərinin Azərbaycanda ağırlıqqaldırmanın inkişafına böyük təsiri olacağını vurğulayıb: “Bu gün əsas məqsədimiz milli komandada nizam-intizamı gücləndirmək, dopinqə qarşı mübarizə aparmaq və regionlarda bu idman növünün inkişafını təmin etməkdir. Düzdür, atletlərimiz “Paris-2024”ə lisenziya qazana bilmədilər. Amma çalışacağıq ki, idmançılarımızın Los-Anceles Olimpiadasında iştirakına nail olaq. Bundan başqa, İspaniyada gənclər arasında dünya çempionatı təşkil olunacaq ki, bu yarışa da geniş heyətlə yollanmağı düşünürük. Əsas məqsədimiz gənclərlə işləyərək regionlarda yeni bazalar yaratmaqdır”.
Tədbirin sonunda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caluda və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadəyə xatirə hədiyyələri təqdim olunub.