Fərid Qayıbov 80-dən çox gənclər təşkilatının rəhbər və idarə heyəti üzvləri ilə görüşüb
Mayın 21-də gənclər və idman naziri Fərid Qayıbov 80-dən çox gənclər təşkilatının rəhbər və idarə heyəti üzvləri ilə görüşüb.
Azərbaycan İdman Akademiyasında keçirilən görüşdə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə yaradılan "TƏSDİQ" platforması təqdim edilib. 100-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə gənclər təşkilatları və platformanın konsepsiyası barədə suallar cavablandırılıb, platformanın təkmilləşməsinə dair təkliflər səsləndirilib.
TƏSDİQ (Təşkilatlanma, Əməkdaşlıq, Sistemləşdirmə, Dəyərləndirmə, İnkişaf, Qiymətləndirmə) gənclər təşkilatlarının könüllü şəkildə qoşulacağı, fəaliyyətlərə uyğun reytinq sisteminin qurulacağı və platformanın imkanlarından yararlanmağa xidmət edən bir layihədir. Platformanın məqsədi gənclər təşkilatları ilə əməkdaşlıq imkanlarını genişləndirmək, fəaliyyətlərini stimullaşdırmaq və gənclərin inkişafı üçün təşəbbüslərin sayını artırmaqdır. Platformanın tanıdılması və gənclər təşkilatlarının rəyinin öyrənilməsi məqsədilə may ayı ərzində məlumat sessiyaları keçirildikdən sonra qeydiyyatına start veriləcək.